Posted 10 June 2012 - 10:15 PM
Цитата |
Sigaret cekmek haramdi ? Hahish edirem sebebini de degigleshdiresiz! |
Əssələmu aleykum
Siqaret çəkməyin Quran və Sünnədə haramlığı.
Qurani-Kərimdən siqaretin haramlığını isbat edən dəlillər:
1- Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız. (Təkəsur surəsi, 8)
Bu ayə dəlildir ki, o gün siz siqaretin məhv etdiyi sağlamlıq neməti haqqında mütləq soruşulacaqsınız!
2- Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir. (Əraf, 31)
- Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir. (Ənam, 141)
- Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin malını lazım olmayan yerə sərf etmə. Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. (İsra surəsi, 26-27)
Uca Allah yaxşı işlərdə belə, israf etməyi yasaq etmişdir. Elə isə, siqaretə xərclənən pullar necə?
3- O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. (Əraf, 157)
Heç bir ağılı olan kəs, siqareti pak şeylər siyahısına aid etməz, demək ki, o murdar şeylərə aid olub, haram hökmündədir.
4- Onlara daridən başqa bir yemək verilməyəcəkdir. O onları nə doydurar, nə də aclıqdan xilas edər. (Ğaşiyə surəsi, 6-7)
Məgər siqaret aclıqdan xilas edir? Və ya kimisə doydurur? Əsla xeyr! Elə isə, o Cəhənnəm əhlinin yeməyi kimi vəsf edilmişdir və məhz bu səbəbdən mufəssirlər bu ayəni siqaretin haramlığına dəlil olaraq gətirmişdirlər.
5- Öz əllərinizlə özünüzü təhlükəyə atmayın. (Bəqərə surəsi, 195)
- Özünüzü öldürməyin! (Nisa surəsi, 29)
Məgər siqaret çəkmək onların öz əlləri ilə özlərini təhlükəyə atmaqları deyilmi? Siqaret çəkmək xərçəng xəstəliyinin yaranmasına səbəb olur ki, bu da sonucda ölüm ilə nəticələnir!
6- Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: "İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür". (Bəqərə surəsi, 219)
Baxmayaraq ki, içkinin həm zərəri, həm də mənfəəti vardır, lakin zərəri mənfəətindən daha çox olduğu üçün Uca Allah ayə nazil edib, sərxoşedici içkini haram etdi!
İndi düşünün! Məgər siqaretin mənfəəti varmı? Əlbəttə xeyr, elə isə o haram olunmağa daha layiq deyilmi?
Hədislərdə siqaretin haramlığını isbat edən dəlillər:
1- Rasulullah (SallAllahu aleyhi və səlləm) buyurur:
- İki nemət var ki, insanların çoxu onlardan qafildirlər və onları dəyərləndirmirlər: Can sağlığı və Asudə vaxt.[1]
- Heç bir kəsə sağlamlıqdan daha xeyirli bir nemət verilməmişdir, İman istisnadır... [2]
- Allahın qulu Qiyamət günündə beş şeydən hesabat vermədikcə, Aləmlərin Rəbbinin hüzurundan ayrılmayacaqdır.... sağlamlığı necə qoruduğuna dair hesab verəcəkdir. [3]
- Sağlamlığını qoruyaraq qüvvətli olan mömin, sağlamlığını qorumadığı üçün gücsüz və zəif düşmüş mömindən Allah qatında daha xeyirli və daha sevimlidir.[4]
2- Rasulullah (SallAllahu aleyhi və səlləm) buyurur:
- Müsəlmanın əlindən və dilindən digər müsəlmanlar zərər çəkməz![5]
Məgər siqaret çəkən ətrafındakılara zərər vermirmi? Məhz bu səbəbdən, təyyarə, avtobus və s. ictimai yerlərdə siqaretin çəkilməsi yasaqlanmışdır.
3- Rasulullah (SallAllahu aleyhi və səlləm) buyurur:
- ... Malı zay etmək sizə qadağandır. [6]
4- Rasulullah (SallAllahu aleyhi və səlləm) buyurur:
- Hər kim zəhər içib özünü öldürərsə (intihar edərsə), Cəhənnəmdə əbədi olaraq o zəhəri içəcəkdir.[7]
Siqaret çəkmək də insanın tədricən intihar etməsi deməkdir. Əgər öldükdən sonra ölüm səbəbinin siqaret olduğu bilinərsə, həmin kəs intihar etmiş hökmündədir. Allah bizi qorusun!
5- Rasulullah (SallAllahu aleyhi və səlləm) buyurur:
- Ummu Sələmə (radıyAllahu anhu) buyurur: “Rasulullah (sallAllahu aleyhi və səlləm) sərxoş edici və keyləşdirici hər bir şeyi qadağan etmişdir.”[8]
Bu hədisi dəlil gətirən alimlər “Bir şeyin çoxu sərxoşluq verərsə, onun azı da haramdır!” qaydasına əsasən siqaretin haramlığına dair fətva vermişdirlər.
6- Rasulullah (SallAllahu aleyhi və səlləm) buyurur:
- Zərər vermək olmaz, zərərə zərərlə də cavab vermək olmaz.[9]
Zərərə zərərlə cavab vermək belə yasaqdırsa, o zaman siqaret çəkən özünə və ətrafına verdiyi zərər necə?!
7- Rasulullah (SallAllahu aleyhi və səlləm) buyurur:
- Ümmətimin hamısı bağışlanacaqdır, yalnız açıq-aşkar günah edənlərdən başqa...[10]
Məgər siqaret çəkən bu günahı açıq-aşkar etmirmi?
8- Rasulullah (SallAllahu aleyhi və səlləm) buyurur:
- Bir qövmə bənzəyən onlardandır.[11]
Siqaret çəkmək ruh düşkünlüyünün ifadəsi olub kafirlərə bənzəməkdir.
9- Rasulullah (SallAllahu aleyhi və səlləm) buyurur:
- Kim Allaha və qiyamət gününə inanırsa, qonşusuna əziyyət verməsin![12]
Siqaret çəkən isə, evə ailəsinə, qohum-qonşuya, ən əsası isə mələklərə əziyyət verir.
10- Rasulullah (SallAllahu aleyhi və səlləm) buyurur:
- Çoxu sərxoş edən hər bir şeyin azı da haramdır. [13]
11- Rasulullah (SallAllahu aleyhi və səlləm) buyurur:
- Halal da, haram da məlumdur. Bu ikisi arasında insanların çoxunun bilmədiyi şübhəli, qarışıq şeylər var. Hər kim bu şübhəli şeylərdən çəkinərsə, dinini və namusunu qorumuş olar, kim də edərsə, harama düşmüş olar. [14]
İstifadə edilən mənbələr:
[1]- Buxari, 12/389/6412; Əhməd, 1/258
[2]- Tirmizi, 3553
[3]- Suyuti, Həkim, İbn Hibbən, Tirmizi, Albani, Cəmius-Sağir
[4]- Mişkətul Məsabih, 5298
[5]- Əhməd, Tirmizi, İbn Hibbən
[6]- Buxari, Muslim
[7]- Buxari, Muslim
[8]- Əhməd, Əbu Davud
[9]- Muslim, Əhməd
[10]- Buxari, Muslim
[11]- Əbu Davud
[12]- Buxari
[13]- Əhməd
[14]- Buxari, Muslim
___________________
Hazırladı: əz-Zubeyr
Siqaretin haramlığına dair alimlərin fətvası
XX əsrin ən böyük müfəssiri olan Şeyx Abdurrahmən İbn Nasir əs-Səadi buyurur:
- Siqaretin çəkilməsi, alışı və satışı, habelə bu işdə başqasına kömək etmək caiz deyildir! Müsəlmana siqaretin həm çəkilməsi, həm də satılması qadağandır! Bunu edən –digər günahlar kimi- səmimi qəlb ilə Allaha tövbə etməlidir. Buna Kitab və Sünnə dəlalət edir. Siqaret insanın dininə, orqanizminə və büdcəsinə zərər verdiyi üçün haramdır. Əgər sadalağıdımız bu üç şeydən biri olarsa, şəriət onu haram edir. Bəs, elə isə, üçü də bir yerdə olarsa necə?! [1]
Şeyx Abdul Aziz İbn Bəzz buyurur:
- Siqaret çəkmək haramdır, çünki onda bir çox zərərlər vardır və bütün növləri də haramdır. Hər bir müsəlman siqaret çəkməyi tərgitməlidir. Siqaret çəkənlərlə birliklə məclisdə oturmaq da qadağandır.[2]
Şeyx Useymin buyurur:
- Bizə görə siqaret çəkmək haramdır.[3]
Şeyx Muhəmməd ibn İbrahim buyurur:
- Siqaret və qəlyan çəkmək haramdır! [4]
Böyük muhəddis Muhəmməd əs-Subki buyurur:
- Siqaretin haram olduğu bir həqiqətdir. Haramlığına səbəb isə- onun insan səhhətinə zərərli olmasından dolayıdır. Şübhəsiz ki, zərərli olan bir şey alimlərin icması ilə haramdır. Siqaret nəinki onu çəkənlərə, hətta çəkməyənlərə belə zərər verir. Həmçinin mələklərə də zərər verir.[5]
Şeyx Abdullah ibn Muhəmməd ibn AbdulVahhəb buyurur:
- Rəsulullahın (sallAllahu aleyhi və səlləm) hədislərindən və alimlərin görüşlərindən məlum olur ki, tütün haramdır. Etdiyimiz müşahidələr onu göstərir ki, tütün narkotikə bənzər bir şeydir, ələlxüsus onu çox çəkdikdə baş gicəllənməsi, ürək ağrısı, ürək bulanması və halsızlıq kimi sərxoşluq əlamətləri əmələ gətirir. Sərxoşluq verən şeylərin haram olması isə qəti bir hökmdür.[6]
Şeyx Mustafa əl-Himəmi buyurur:
- Şübhə yoxdur ki, bir çox alimlər siqaretin haram olduğunu söyləmişdir. Ələlxüsus, Qurani-Kərim məclislərində, məscidlərdə, elm məclislərində və s. yerlərdə siqaret çəkməyin haram olduğu vurğulanmışdır. Mənim görüşüm odur ki, siqaret canlarına ziyan vuran hər kəsə haramdır, çünki sağlamlığı qorumaq vacibdir.[7]
Hənəfi alimlərindən olan İbn Abidin buyurur:
- Siqaretin zərərli, israf və faydasız olduğu isbat edilərsə, onun haram olduğu haqda fətva vermək caizdir.[8]
İmam Muhəmməd buyurur:
- Tütün çəkən- onun insanı sərxoş etmədiyini iddia edir. Əgər hətta onun dediyi kimidirsə də, şübhəsiz ki, o keyləşdiricidir və bu da haramdır. İmam Əhməd rəvayət edir ki, Ummu Sələmə (radıyAllahu anhə) buyurur: “Rasulullah (sallAllahu aleyhi və səlləm) sərxoş edici və keyləşdirici hər bir şeyi qadağan etmişdir.”[9]
Şafii məzhəbinin məşhur kitabında deyilir:
- Tənbəki çəkənə və ya başqasına çəkdirənə, onu satmaq haramdır.[10]
Şafii alimlərindən olan əl-Bəcurri İbn Qasimin əsərinə etdiyi qeyddə buyurur:
- Siqaretin zərərli olduğu isbat edilərsə, o haram sayılar.
Hənbəli alimlərindən olan Abdullah İbn Aluş-Şeyx buyurur:
- Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) və alimlərin söylədiklərini zikr etdikdən sonra, sənə bəyan olur ki, dövrümüzdə çox istifadə edilən tütün haramdır.
Məliki alimlərindən olan Xalid ibn Əhməd buyurur:
- Tənbəki çəkənin, onun və digər sərxoşedici maddələrin alverini edən bir kəsin imam durması caiz deyildir.
Şeyx Zihni buyurur:
- Siqaret və qəlyan çəkmək haramdır. Müsəlmanlar isə haram, məkruh və şübhəli şeylərdən çəkinməlidir. Hətta dinimizdə qadağalardan çəkinmək, əmrləri yerinə yetirməkdən öncə gəlir.[11]
Əbul Fəruq Suleymən əl-Hilmi buyurur:
- Siqaret çəkmək həm maddi, həm də mənəvi cəhətdən zərərli olduğu üçün haramdır. Haram isə Allahın qadağan etdiyidir...Gün ərzində 25-30 dəfə siqaret çəkənlər, Uca Allaha gün ərzində 25-30 dəfə asi olmuş olur.[12]
Əbul Həsən əl-Misri əl-Hənəfi buyurur:
- Səhih və açıq-aşkar dəlillər tütünün haram olduğunu göstərir. Tütün min illərdən bəridir ki, mövcuddur. İlk dəfə tütün yəhudi, xristian və atəşpərəstlərin yaşadığı məkanlarda üzə çıxmışdır. Sonra onu qərbə özünü həkim hesab edən bir yəhudi gətirmişdir və insanları tütündən istifadəyə təşfiq etmişdir. Anadoluya tütünü bir xristian, Sudan şəhərlərinə isə bir məcusi gətirmişdir.[13]
əş-Şafii buyurur:
- Tütün çəkənin onun sərxoş edici olmadığını iddia etsə belə, o uyuşdurucudur. “Rasulullah (sallAllahu aleyhi və səlləm) sərxoş edici və keyləşdirici hər bir şeyi qadağan etmişdir.”- hədisinə görə tütün haramdır.[14]
Şeyx Osman buyurur:
- Tütün xəbis bir şeydir... Tütün- “O peyğəmbər onlara .... murdar şeyləri haram edər.”- ayəsinə daxildir.[15]
Şeyx AbdulAziz əd-Dəbbəğ buyurur:
- Tütünün bir çox zərəri olduğu üçün haramdır. O, insanları Allahın zikrindən uzaqlaşdırır, məşğul edir və pis iyi ilə mələklərə əziyyət verir... Mələklərin tərk etdiyi bir yerə isə şeytanlar gələr...[16]
Şafii imamlarından olan İmam Qalyubi tütün çəkməyin haram olduğunu söyləmişdir.[17]
İbni Asir “Rasulullah (sallAllahu aleyhi və səlləm) sərxoş edici və keyləşdirici hər bir şeyi qadağan etmişdir.”- hədisini bu cür şərh etmişdir:
- Bədənin səhhətini korlayan, gücsüzlük verən və zəiflik əmələ gətirən şeylər...
Muhəmməd əl-Həmid buyurur:
- Şübhəsiz ki, tütün xəbis bir şeydir. Onu çəkən öz əli ilə özünü təhlükəyə sövq edir. Məhz bu səbəbdən onun haram olmasına hökm vermişəm.... Düşünürəm ki, bu haqda varid olan ayə və hədislərə görə o haramdır.[18]
Şeyx Suleymən öz şeirində buyurur:
Tüstüyə tütün adı verərlər,
Çıxsın deyə tüstü verir imana,
İmamlar onu çəkib mehraba girərlər,
Mələklər qaçıb, şikayət edər Rəhmana.
Digər bir şeirdə deyilir:
Sual: Niyə haram olsun ki, yaşıl yarpaq,
Haqqında fətva verdi, Misirli Altıbarmaq*.
Cavab: Niyə halal olsun ki, yaşıl yarpaq?
Mal-Dövləti göz önündə yandırmaq,
Axmaqlıq deyilsə, nədir danqalaq?!
Nə deyək, çəkənlərin zəhəri bol olsunmu deyək?
Yaxud Allah bu illətdən qurtarsınmı söyləyək?!
Şeyx AbdulQani buyurur:
- Tütün - zərərli olduğu halda haramdır.[19]
Məliki alimlərindən olan Əli Əchuri buyurur:
- Tütün- zərər verirsə haramdır.[20]
Hənəfi alimlərindən olan Şeyx Muhəmməd ən-Nihriri buyurur:
- Həkimlərin sözü ilə, həmçinin təcrübə nəticəsində tütünün zərərli olduğunu bilən bir kəsə onu çəkmək haramdır.[21]
Hənbəli alimlərindən olan Şeyx İbn Yusuf Muqaddisi buyurur:
- Tütün zərər verərsə, haramdır.[22]
Cələlul-Həqq kitabında deyilir:
- Tütün zərər verirsə haramdır.[23]
Şeyx Muhəmməd Salih əl-Munəccid buyurur:
- Siqaret çəkmək haramdır, çünki bu- pulu israf etmək, həmçinin insanın səhhəti üçün zərərlidir.[24]
(Üzvləri- AbdulAziz Aluş-Şeyx, Abdullah əl-Ğudeyyən, Salih ibn Fəuzan əl-Fəuzan, Bəkr Əbu Zeyd olan) Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Komitə də siqaretin alınmasını caiz saymamış və bunun qadağan olunması haqqında fətva vermişdir.[25]
- Tütün satmaq haramdır, çünki onda xəbis şeylər var və zərərli təsiri çoxdur.[26]
- Tütünü əkmək , onu satmaq və eləcə də siqaret çəkmək qadağandır. Çünki bu, bir çox səbəbdən, məs. insanın orqanizminə olan zərərli təsirinə görə, xəbis şeylər ehtiva etdiyi üçün və faydasız olduğu üçün- haramdır. Bu səbəbdən, hər bir müsəlmana bu cür əməlləri tərk edib, onlardan uzaqlaşmaq vacibdir. Onu əkməməli və onunla ticarət etməməlidir, çünki Uca Allah haram etdiyi şeylərin, ticarətini də haram etmişdir.[27]
- Tütün zərərli və xəbis bir şey olduğu üçün, siqareti çəkmək və satmaq olmaz, çünki Uca Allah haram etdiyi şeylərin, ticarətini də haram etmişdir.[28]
- Tütün çəkmək də, onu əkmək də, həmçinin onunla ticarət etmək də haramdır. Çünki burada böyük zərər vardır. Hədisdə buyurulur: “Zərər vermək və zərər toxundurmaq olmaz!”
Eləcə də, bu ticarət xəbis bir işdir. Necə ki, Allah (subhənəhu və təalə) Peyğəmbəri (SallAllahu aleyhi və səlləm) vəsf edərək buyurmuşdur:
- O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. (Əraf surəsi, 157)
- Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: Bütün pak nemətlər sizə halal buyurulmuşdur. (Maidə surəsi, 4)[29]
- Tütün və digər haram şeylər – xəbis şeylər sayıldığı üçün, insanın səhhətinə, mənəviyyatına və büdcəsinə zərər verdiyi üçün- onlar ilə ticarət etmək qadağandır.[30]
- Qəlyan və s. bu kimi zərərli şeylər haramdır, çünki bunların insan həyatına zərəri vardır.[31]
- Şübhəsiz ki, siqaret xəbis və murdar bir şeydir. Mala və cana zərərli olduğu üçün, həmçinin faydasız olduğu üçün siqaret çəkmək haramdır.[32]
Şeyx Muhəmməd əs-Salih buyurur:
- Siqaret çəkmək ilk vaxtlar şübhəli məsələ idi. Lakin tibdəki inkişafdan və insanların onun haqqında elmə yiyələnməsindən sonra qəti olaraq haram hökmü verildi.[33]
Həmçinin siqaretin haram olduğu haqda Şeyx Albani, Şeyx Abdullah əl-Fədiyyə, Şeyx Abdurrazzəq əl-Əfifi, Şeyx Əbubəkr əl-Cəzəiri, Şeyx Əsəd Abci, Şeyx əl-Xatibi, Şeyx İbrahim əl-Ləqqani, Şeyx Əhməd əs-Sənhuri, Şeyx Bədrəddin əl-Həsəni əd-Diməşqi, Şeyx Həşim əl-Xatib, Şeyx Əli əd-Dərq və başqaları fətva vermişdir!
*- ‘Peyğəmbər Tarixi’nin müəllifidir, o siqareti mübah saydığı üçün, şeir müəllifi bununla ona rədd vermişdir.
İstifadə edilən mənbələr:
[1]- Siqaret çəkməyin şəri hökmü, Dasuq, h.1376
[2]- Məcəllət əl-Dəuva, 1667
[3]- Fətava Nurun Aləd-Darb
[4]- Fətəvə əş-Şeyx Muhəmməd ibn İbrahim, 12/90
[5]- əl-Mənhəlul Azb əl-Məurud Şərhi Sunənil İmam Əbi Davud, 8/269
[6]- Tənqihul- Həmidiyyə, 6/454
[7]- əm-Məhdətul-İsləhiyyə, səh. 489
[8]- Tənqihul- Həmidiyyə- kitabı.
[9]- Durrul-Muxtar- kitabı, V cild, İçkilər fəsli
[10]- Bəqiyyətul-Mustərşidin- kitabı
[11]- Ni’məti İsləm, səh. 934
[12]- Muhəmməd ibn İbrahim, Şurbud Duxan
[13]- Muhəmməd ibn İbrahim, Şurbud Duxan
[14]- əl-Hələbi, səh. 12
[15]- Şərhul Təlim əl-Mutə’allim U’smən, səh. 122
[16]- əl-Hələbi, səh. 26-27
[17]- Rudud Aləl Əbətil, səh. 371
[18]- Rudud Aləl Əbətil- kitabı
[19]- əs-Sulhu Beynəl İxvan- kitabı
[20]- Ğayətul-Bəyən- kitabı
[21]- Ğayətul-Bəyən- kitabı
[22]- Təhqiqul Burhən fi Şənid Duxan
[23]- Cələlul Həqq fi kəşfi Əhvali Şiraril Xalq
[24]- Şeyx Muhəmməd ibn Salih əl-Munəccidin rəsmi saytı
[25]- Fətava əl-Ləcnə əd-Daimə lil-Buhus əl-İlmiyyə val İftə, 13/64
[26]- Fətava əl-Ləcnə əd-Daimə lil-Buhus əl-İlmiyyə val İftə, 13/57
[27]- Fətava əl-Ləcnə əd-Daimə lil-Buhus əl-İlmiyyə val İftə, 13/62
[28]- Fətava əl-Ləcnə əd-Daimə lil-Buhus əl-İlmiyyə val İftə, 13/63
[29]- Fətava əl-Ləcnə əd-Daimə lil-Buhus əl-İlmiyyə val İftə, 13/31
[30]- Fətava əl-Ləcnə əd-Daimə lil-Buhus əl-İlmiyyə val İftə, 13/55
[31]- Fətava əl-Ləcnə əd-Daimə lil-Buhus əl-İlmiyyə val İftə, 26/351
[32]- Fətava əl-Ləcnə əd-Daimə lil-Buhus əl-İlmiyyə val İftə, 22/183
[33]- ‘Şərh əl-Ərbəın ən-Nəvavi’ kitabı
___________________
Hazırladı: əz-Zubeyr
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah razı olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!