Posted 11 September 2012 - 11:35 PM
şeyx salam aleykum ALLAH rizasi üçün mənim bu sualımı cavablandırın. Mən çox narahat qalmışam çətin bir vəziyyətdəyəm. Şəbəkəli biznesdə işləyirəm. İşə girərkən istixarə etdim və qardaşlardan soruşdum mənə sonraki nəfərlərdən gələn pulu həvəsləndirici bonus adlandırdılar. Mən ora qoşuldum. Şəbəkəli biznesin haram olduğunu dini fetvalari oxudum sonradan öyrəndim. Ancaq ordaki sualla ra zilaşmiram çünki heqiqet ele deyil isin içi tam başqadı. Allaha dua edib Allahim sən bilirsən deyib təvəkkul etdim və qarşıma həmin gün tam şəbəkədəki iş prinsipini anladan aşağıdakı yazı cixdi. Xahiş eliyirem Şeyx bu cümlələri diqqətlə oxuyun cünki hamımızın işə ehtiyacımız var. Biz neyləyək qalib satici kimi işləyək yoxsa uzaqlaşaq.
İnternetdə növbəti sörfinq zamanı Azərbyacan dilli dini saytların birində, Şəbəkə Marketinqi haqqında verilmiş “Fətva” tapdım. Maraqlı gəldi və açıb oxudum. Dərhal deyim ki, mən din üzrə ekspert deyiləm amma, yazılmış olan sözlərin təmamilə yanlış informasiya üzərində durduğunu anlamaq elə də çətin deyildir.Ona görə də qərara gəldim ki, müqayisəli şəkiləd həmin fətvada buraxılmış səhvləri ortaya qoyum. Bəri başdan xəbərdarlıq edim ki, burda qeyri-adi bir şey yoxdur, sadəcə mənə görə bu fətva natamamdır və real həqiqətləri əks etdirmir. Siz isə öz növbənizdə hər iki açıqlamanı oxuyub, nəyin yanlış, nəyin doğru olduğuna özünüz qərar verə bilərsiniz.
"Sual: Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyətə “Biznes” və “Hibbət-əl-Cəzira”kimi piramida marketinq sistemini tətbiq edən şirkətlər barədə çoxsaylı suallar daxil olur. Onların iş prinsipini qısaca olaraq belə ifadə etmək olar: Malı alması üçün bir kəsi buna inandırmaq cəhdləri, belə ki, həmin şəxs isə digər birini buna inandırır və beləliklə şəbəkəyə qoşulan nəfərlər də öz növbəsində digərlərini inandırılar və beləcə silsilə şəklində davam edir. Şəbəkəyə qoşulan nəfərlərin sayı nə qədər çox olarsa, birinci şəxs bir o qədər çox mükafat çeki qazanır, bunların məbləği minlərlə riyala (və yaxud digər pul vahidinə, məs. dollar) çatır. Şəbəkəyə qoşulan hər iştirakçı, öz dəstəsinin siyahısına yeni üzvlər qoşmaqda müvəffəq olursa və iri məbləğdə mükafat çekləri qazanacağı qarşılığında, digər insanları bu məqsədlə bu şəbəkəyə qoşulmağa inandırmağa çalışır. Bu fəaliyyət növü “piramida marketinq”və yaxud “şəbəkə marketinq”adlanır. "
NWM.az: İlk öncə onunla başlamaq istərdim ki, şəbəkə marketinqi ilə piramida sxemləri (“piramida marketinqi” deyilən bir termin mövcud deyil) arasında fərq var və onları bir-birinə bərabər tutmaq səhvdir. Piramidada insanlara pulu yeni insanları “qoşduqlarına” görə verildiyi halda, şəbəkə marketinqində insanlara pulu yalnız və yalnız satılmış mal və ya xidmət əvəzində ödənilir. Şəbəkə marketinqi distribyutorları vasitəsilə mal alan kəs, malını alıb ayrıla bilər, istərsə o da şirkətin distribyutoruna çevrilə bilər. Burdan anlaşıldığı kimi, şəbəkə marketinqində gəlir, yeni şəxslərin şəbəkəyə qoşulub qoşulmamasından asılı deyil.
"Bu cür sövdələşmə haramdır. Çünki bu sövdələşmədən məqsəd həqiqətdə malı almaq deyil, mükafat çeki (pul) qazanmaqdır."
NWM.az: Məgər hansısa haram sayılmayan digər biznes və ticarət növlərində əsas məqsəd mal satıb pul qazanmaq deyil? Bir biznesmen hər hansı bir zavod və ya fabrikdən malı başqalarına sataraq pul qazanmaq üçün alır. O zaman mal alıcıya çatmadan artıq harammı olur?
"Bu mükafat çekinin məbləği on minlərə çata bilər, bununla yanaşı malın qiyməti isə bir neçə yüz pul vahidindən çox deyil. "
NWM.az: İlk öncə qeyd etmək istərdim ki, Şəbəkə Marketinqinin əsas konsepsiyası ondan ibarətdir ki, malı istehsalçıdan bir-başa istehlakçıya çatdırmaqdır ki, bunun da nəticəsində malın satış qiyməti dəfələrlə aşağı düşür. Həm bu gün bazarda satılan istənilən malın qiyməti onun istehsal qiymətindən dəfələrlə artıq olur. Bu isə ilk növbədə əhalinin həyat səviyyəsi, gömrük, vergi, daşınma və s. iqtisadi faktorlar ilə bağlıdır. Üstəlik, artan gəlirin, dəyişməyən mal qiyməti ilə nə əlaqəsi? Ortada əsas qiymət deyil, satılan malın kəmiyyəti gəlirin artmasına səbəbdir.
"Bu ikisi (mal ilə pul) arasında seçim etməsi istənilən ağıllı kəs əlbəttə ki, mükafat çekinə üstünlük verər. Odur ki, bu şirkətlər öz məhsulunun marketinqinə və reklamına güvənirlər."
NWM.az: Belə çıxır ki, istənilən mal alan insan axmaqdır? Burda əlavə şərhə ehtiyac yoxdur.
"Reklam və marketinqdə isə bu işə qoşulacaq şəxsin qazana biləcəyi mükafat çekinin nəhəng məbləğini vurğulayır, ön plana çıxarır və kiçik məbləğ qarşılığında, yəni malın qiymətini ödəməkə, böyük miqdarda gəlir əldə etməyə təşviq edir, maraq oyadırlar."
NWM.az: İstənilən işin əvəzində insanlara qarşılıqlı pul ödənilir. Şəbəkə Marketinqində də insanlara reklam etdikləri və sonradan şirkətdən onlar vasitəsilə alınan mal və xidmət əvəzində pul ödənilir. Bu bir ticarət növüdür və burda insanlara həm alıcı həm də satıcı kimi baxılır.
"Bu şirkətlərin bazarlıq etdiyi mal sadəcə bir “pərdədir” və yaxud bu mükafat çekləri və gəlirləri qazanmaq üçün bundan vasitə kimi istifadə edilir. Çünki burada elə əsas məsələ əslində “mükafat çeki” ətrafında dövr edir və bir neçə səbəbdən bu cür sövdə şəriətdə haramdır: "
NWM.az: Şəbəkə Marketinqi şirkətləri məhz mal və xidmət təklif edir və yalnız onların satışından pul ödəyir. Heç bir mal satılmadığı təqdirdə çek və ya pulun ödənilməsi həyata keçirilə bilməz. İstənilən ticarət növündə bu belədir və istənilən biznesmenin ilk məqsədi insanlara keyfiyyətli mal satıb, əvəzində pul qazanmaqdır. Bu isə haram deyil.
"1. Bu cür sövdələşmə növündə ribanın iki növü var: riba əl-fadl (eyni cins, növdən, lakin müxtəlif miqdarda olan malların dəyişdirilməsi) və riba ən-nasiəh (dərhal ödənilən məbləğdən fərqli olaraq, böyük miqdarda məbləğin möhlətlə ödənişi). Şəbəkəyə qoşulan kəs çoxlu pul qazanmaq üçün cüzi miqdarda pul ödəyir, digər sözlə müxtəlif məbləğ və möhlətli ödəniş ilə pul alış-verişi edir. Bu ribanın bir növüdür, şəriət mətnləri və elm əhlinin yekdil rəyinə görə haramdır. Şirkətin vasitəçiyə (komissionerə) satdığı mal bu sövdələşmə üçün sadəcə bir pərdə rolunu oynayır: şəbəkəyə qoşulanın istədiyi, tələb etdiyi bu deyil və hökmdə heç bir dəyişiklik etmir. "
NWM.az: Şəbəkəyə qoşulmaq PULSUZDUR. İşə başlayarkən sizdən 2 şey üçün pul istəyə bilərlər: 1. Əgər şirkət internet üzərindən fəaliyyət göstərirsə sizin virtual ofisiniz üçün ya birdəfəlik və ya illik xidmət haqqı. Virtual ofisiniz nə üçün lazım olduğunu isə sizə şirkətdə başa sala bilərlər. 2. Düzgün işləyə bilmək üçün instruksiyalar və kataloqlar üçün ödənilməli məbləğ. Bu iki məbləğin isə şəbəkəyə qoşulmaq ilə bilavasitə əlaqəsi yoxdur.
Şəbəkə Marketinqində dərhal ödənilən məbləğ əvəzinə sonradan göydən yağma pullar verilmir. Verilsə belə bu qeyri-qanuni piramidadır. Yuxarıda da qeyd edildiyi kimi Şəbəkə marketinqində yalnız satılmış mal və xidmət əvəzində pul ödənilir.
"2. Bu cür sövdələşmə bir növ ğarardır (qeyri-məlum, aydın olmayan bir sövdələşmə). Bu da şəriətdə qadağandır. Çünki qoşulan nəfər hələ tələb olunan sayda alıcılar tapmağa müvəffəq olub-olmayacağını da bilmir. Piramida və yaxud şəbəkə marketinqinin nə qədər davam etməsindən asılı olmayaraq, əlbəttə ki, bunun bir sonu var və kimsə piramida şəbəkəsinə qoşulduqda hələ o bilmir ki, rəhbər səviyyəyə yüksəlməyə nail olub beləcə gəlir qazanacaq, yoxsa aşağı səviyyədə qalıb zərər edəcəkdir. Məsələnin həqiqəti budur ki, piramida şəbəkəsinin üzvlərinin əksəriyyəti ziyana uğrayırlar, yalnız (maliyyə piramidasının ən üstündə duran insanlar) rəhbər işçilərin bir neçəsi bundan qazanc əldə edir. Deməli əsas etibarilə ziyan olur ki, bu da bütün qeyri-məlum sövdələr üçün səciyyəvi xarakter daşıyır. İki şeydən biri baş verə bilər və adətən ən çox qorxulan da bunlardan biridir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) qeyri-məlum sövdələri qadağan etmişdir. Bu barədə Müslimin “Səhih”ində rəvayət olunur. "
NWM.az: Bu bənd ümumiyyətlə anlaşılmazdır. İslam dinində gələcəyi əvvəlcədən görmək, falçılıq da haramdır və istənilən kəs evdən bayra çıxanda və ya elə evində 1 dəqiqə sonra başına nə gələcəyini bilə bilməz. Ikincisi istənilən bir biznesdə satış ilə məşğul olmaq istəyən şəxs quracağı biznesin nə dərəcədə uğurlu olub olmayacağını bilə bilməz. Hər il Universitetlərə 10 minlərlə insan test imtahanı verir və onların hər biri ali məktəbə daxil olmaq istəyir. Abituriyentlərin hər biri universitet ərizəsi üçün dövlətin qoyduğu müəyyən məbləği ödəyir. Üstəlik imtahan vermək istəyənlərin sayı 50 -100 minə çatdığı halda, hər kəs əvvəlcədən universitetlərdə 10-15 min yerin olduğunu bilir. İmtahan verənlərin yalnız 10-15 min nəfəri uğurlu çıxır, geridə qalan abituriyentlər isə növbəti ili gözləyir. Yuxarıdakı açıqlama ilə hərəkət etsək o zaman universitetə qəbul olmaq belə haram sayılmalıdır. Şəbəkə marketinqinin universitetdən bu mənada fərqi isə ondan ibarətdir ki, burada uğurlu ola biləcək insanlara yer məhdudiyyəti yoxdur və ola bilməz. Hər kəs öz bacarıq və istedadına uyğun istədiyi səviyyəyə qədər yüksələ bilər.
"3. Bu cür sövdələrdə insanların malları haram, fırıldaq yolla yeyilir. Çünki bu cür müqavilələr yalnız şirkətlərə və digər insanları şəbəkəyə qoşulmaqda aldatmaq üçün bu məqsədlə cəlb olunan şirkətin təşviq etdiyi bəzi iştirakçılarına fayda verir. Məhz Quranda qadağan olunan da budur. Allah təala buyurur: “…bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin”[4:29] "
NWM.az: Şəbəkə marketinqi şirkətləri hər bir insana kimdənsə asılı olmadan öz ticarətini qurmağa imkan verir. Fırıldaqçı şəxslərə isə insanların istənilən növ fəaliyyətlərində qarşıya çıxa bilər. Məhz şəbəkə marketinqinin fırıldaqçı sistem olması ən azından məntiqə uyğun deyil. Adi bir şirkət modelini götürsək, görə bilərik ki, burada qazanan şirkətin başında duran insanlardırlar. Geridə qalan işçilər isə hər ay eyni məbləği alır və çox zaman bu məvacib onların aylıq tələbatlarını ödəməyə güclə çatır. Amma nədənsə məhz bu cür qazanc prinsipi dəstəklənir.
"4. Bu cür sövdədə yalan, aldatma və insanlara kələk gəlmək, sövdədən məqsədin sanki məhsul olduğu kimi təsəvvür yaratmaq üçün məhsulu göstərməklə (gözdən pərdə salmaq) var, halbuki əslində bu sövdədən məqsəd məhsulun satışı deyil, qazanc əldə etməkdir və insanların adi halda qazana bilmədikləri nəhəng məbləğdə mükafat çeki əldə edəcəkləri ideyasını qəbul etməyə onları tamahlandırmaq, bu cür etməklə onları buna cəlb etmək məsələsi var. Bu şəriətdə qadağan olunan aldatmanın bir növüdür. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Bizi aldadan bizdən deyil.” Müslim bu hədisi özünün “Səhih” əsərində rəvayət edir. Həmçinin Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Alış-veriş edən iki tərəf bir-birindən ayrılmadıqca ixtiyar sahibidirlər. Əgər onlar alış-verişlərində səmimi və açıq olsalar, onların alış verişi bərəkətli olar, lakin yalan danışıb hər hansı bir şeyi gizli saxlasalar, onların alış-verişinin bərəkəti gedər”. Hədis barədə ittifaq edilib. "
NWM.az: Bu açıqlama yenə dolaşıq və qarmaşıq olmaqla yanaşı insanları tam səhv fikrə sala bilər.
İlk öncə birinci cümləni açaq: əsas məqsəd satmaq deyil, pul qazanmaqdır- kimsə mənə bunun nə mənaya gəldiyini başa sala bilər? Satmağın əsas məqsədi pul qazanmaqdır. Əgər biz satışdan pul qazanmaq istəmiriksə, o zaman satış deyilən bir anlam da ortadan qalxır. Ikincisi satış halının yaranması üçün ortada satış obyekti (mal, xidmət, informasiya, ideya, müəllif hüquqları və s.) olmalıdır. Əgər satılacaq konkret obyekt yoxdursa o zaman yenə də, satış anlamı ortadan qalxmaqdadır.
Həzrəti Peyğəmbərin müdrik kəlamlarına isə söz ola bilməz. Əgər istənilən bir işdə yalançı varsa bu həmin şəxsə aiddir və onun haramıdır. Sistem mükəmməl ola bilər ancaq, istənilən halda onu korlayan da, düzəldən də insan faktorudur ki, əsas sistem deyil insan faktoru nəzərə alınmalıdır.
"Bu növ sövdənin brokerlik (dəllallıq, vasitəçilik) olduğu rəyinə gəldikdə, bu doğru deyil. Brokerlik elə bir sövdə növüdür ki, burada broker satdığı malın əvəzində ödəniş alır, halbuki şəbəkə marketinqində iştirakçı malın bazarılığını (marketinqini) etmək, satmaq üçün pul ödəyir."
NWM.az: Şəbəkə Marketinqində də distribyutorlara yalnız mal satışına görə pul ödənilir. Şəbəkəyə qoşulmaq isə pulsuzdur. Distribyutor ilk öncə mal və xidmət satır, ondan sonra isə həmin mal və xidməti almış şəxsə də qazanc əldə etmək yolunu təklif edir. Qarşıdakı şəxs həm malı alıb çıxıb gedə bilər, həm də qarşısına çıxmış maraqlı fürsətdən istifadə edə bilər. Həm brokerlər arasında məgər fırıldaqçı olmur?
"Brokerlik malın həqiqi mənada marketinqi deməkdir, şəbəkə marketinqi isə bundan fərqlidir, burada əsas məqsəd sövdənin, əqdin marketinqidir, malın marketinqi deyil.
Odur ki, iştirakçılar digərlərinə malı təklif edir (satır), onlar da öz növbəsində digərlərinə təklif edir və bu minvalla zəncirvari davam edir. Brokerlik bundan fərqlidir, burada broker malı həqiqətən də bu malı istəyən kəslərə satır. Bu ikisi arasında fərq olduqca aydındır."
NWM.az: Bunu kim dedi? Şəbəkə marketingində də əsas məqsəd malın satılmasıdır. Plan isə sonradan təklif olunan və yeni partnyorlar əldə etmək üçün vasitədir. Həm marketinqin əsas məqsədi mal və ya xidmət barədə heç bir biliyi, məlumatı olmayan şəxsə düzgün şəkildə reklam olunub çatdırılmasıdır. Broker də şəbəkəçi kimi insanlar ilə görüşüb onlara mal və ya xidmət təklif edir. Həmin mal və xidməti alıb-almayacağına isə müştəri qərar verir. Müştəri almıram desə, istər broker, istər şəbəkəçi, istərsə də adi tacir olsun mal və xidmət satılmayacaq və bununla da alqı-satqı sövdələşməsi baş tutmayacaq.
"Bu cür sövdənin bir növ hədiyyə olması yanaşmasına gəldikdə, bu da yanlışdır. Hətta biz bunun doğru olduğunu qəbul etsək belə, şəriətə görə heç də hər bir hədiyyə halal sayılmır. Borc qarşılığında verilən hədiyyə ribadır. Elə buna görədir ki, Abdullah ibn Salam, Əbu Burdaya (Allah ondan razı olsun) demişdir: “Sən elə bir diyarda yaşayırsan ki, onların (camaatı) arasında riba geniş yayılmışdır. Əgər sənin kiminsə üzərində bir haqqın varsa və o sənə bir yük ot və yaxud bir yük arpa və ya yem verirsə bu ribadır. Buxari bu hədisi özünün “Səhih” əsərində rəvayət edir.
Hədiyyələr verildiyi səbəblərə görə hökmə tabe tutulur. Ona görə də, Peyğəmbərin yanına gəlib (Ona Allahın salavatı və salamı olsun) “Bu sənin payın, bu da mənə verilən hədiyyə” söyləyən zəkat toplayan barədə demişdir: “Yaxşı, əgər sən ata və ananın evində otursaydın, görək sənə hədyyə verəcəkdilərmi? Hədis barədə ittifaq edilib.
Bu mükafat çekləri yalnız ona görə ödənilir ki, şəbəkə marketinq sxeminə qoşulsunlar. Fərqi yoxdur onlar bunu necə adlandırır. İstər hədiyyə adlandırsınlar, istəsə də digər bir ad versinlər. Bu adlar onun xarakterini, mahiyyətini və yaxud onlar barədə hökmü azca da olsa dəyişmir."
NWM.az: Şəbəkə marketinqində Hədiyyə deyilən bir məhvum yoxdur. Yalnız və yalnız mal və xidmətin satışı. O ki qaldı görülən iş əvəzində şirkət tərəfindən distribyutorlarına ödədikləri zəhmət haqqlarının hədiyyə adlandırılması, ən azından gülməlidir. Mükafat çekləri şəbəkə marketinqi şirkətlərində, insanların ona qoşulması üçün deyil, onların da işləyərək, şirkətin təklif etdiyi malların satışında yarıdm etdikləri üçün ödənilir. Satılmayan mal və xidmətə görə şəbəkə marketinqində pul ödənilmir. İstənilən yerdə görmədiyiniz iş əvəzində sizə pul verilmir.
Lakin, əgər sizə bir dəfə heç bir mal və ya xidmət olmadan, pul verərək sistemə qoşulmaq və daha sonra sonsuz pul vədi verilirsə bu Şəbəkə marketinqi deyil, qeyri-qanuni piramidadır.
"Qeyd etmək yerinə düşər ki, bazarda ortaya çıxan bəzi şirkətlər var ki, onlar şəbəkə marketinqi və yaxud piramida marketinqinin iş prinsipləri əsasında fəaliyyət göstərirlər. "
NWM.az: Qeyd etmək istərdim ki, piramida marketinqi adında deyilən bir anlayış yoxdur. Mənim fikrimcə yuxarıdakı fətvanı vermiş insanlara ya natamam bilgi verilmişdir. Amma düzdür şəbəkə marketinqi adı ilə piramida sistemi olan şirkətlər də var. Lakin bircə buna görə bütün Şəbəkə Marketinqi bazarını Piramida, haram və qeyri qanuni adlandırmaq olmaz. Bu özlərini İslam uğrunda ölmüş şəhid kimi qələmə verən lakin əslində özünü partladaraq onlarla günahsız insanında həyatına son qoymuş psixopata görə bütün müsəlmanları terrorist saymaq kimi bir şeydir.
Yuxarıda verilmiş qarşılıqlı açıqlama müəllifin öz fikridir və onunla razılaşmaya da bilərsiniz. Ancaq bunu etməmişdən qabaq bütün faktları qarşı-qarşıya qoyub diqqətlə müqayisə etməyiniz məsləhətdir.
Müvəffəq edən Allahdır. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Ən salamatı bu məsələdən uzaq dayanmaqdır. Səudiyyə şeyxləri deyiblər ki, bu işin üzərində ticarət qurulmaz.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!